Afaq Bəşirqızının iştirakı ilə "Toya bir gün qalmış" komediyası

5 may saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında sevilən gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq. 

Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov olan bu səhnə əsərində Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet artistləri iştirak edəcəklər.  
Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Gözlənilməz və maraqlı süjet xətti olan tamaşada oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi “ailə”ni çıxılmaz vəziyyətə salır. Evin xanımının bu məsələni hamıdan gizlətməsi işləri daha da müşkülə salır. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və bir sıra maddi maraqlarına zərbə dəyəcək. 
Beləliklə, onlar dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir və əsl tragikomediya da bundan sonra başlayır...

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.  Kollektiv sifarişlər də qəbul olunur.

 

 

Tarix: 01.04.2024