Fazil Mustafa Musiqili Teatrdan yazdı...
Dekabrın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Leyli və Məcnun" tamaşasına baxan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa öz "Feysbuk" səhifəsində izləyiciləri ilə təəssüratlarını bölüşüb:
"Bu axşam Akademik Musiqili Teatrda “Leyli və Məcnun” tamaşasını izlədik. Teatrın rəhbəri, hörmətli Əliqismət Lalayevin dəvəti ilə getdiyimiz tamaşadan xüsusi zövq aldıq. Dahi Üzeyir bəyin bu möhtəşəm əsərini fərqli versiyada tamaşaya qoymuşdular və çox anlamlı bir kompozisiya alınmışdı. Aktyorlar həm hərəkət, həm musiqi, həm də rəqs sintezini peşəkarlıqla qurmuşdular. Zal da tamaşaçılarla dolmuşdu və hiss olunurdu ki, razılıqla izləyirlər. İmkan olanda bu tamaşaları izləmək lazımdır. Sənətin, teatrın dirçəlişi üçün tamaşaçı dəstəyi çox vacibdir. Teatr cameəsinə bu gözəl tamaşaya görə təşəkkür edirəm".
Qeyd edək ki, Musiqili Teatrın repertuarına yenicə daxil edilən əsər dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda ərsəyə gəlib.
Mədəniyyət Nazirliyi tərəfindən dövlət sifarişi əsasında hazırlanan tamaşa dərin fəlsəfi mənasını, orijinallığını özündə saxlasa da, yeni rejissor yozumunda fərqli təqdimatı ilə təkcə Musiqili Teatrın tarixində deyil, Azərbaycan teatr tarixində bir ilkdir.