Akademik Musiqili Teatrın balet artisti “Caspi art 9” Uluslararası Sanat Yarışmasında

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti Mələk Səfərova dünyanın müxtəlif ölkələrinin iştirak etdiyi Türkiyənin "Caspi art 9” Uluslararası Sanat Yarışmasında "Grand Pri" diplomuna  və pul mükafatına layiq görülüb. 

O, bu müsabiqəyə qatılmaq üçün hazırladığı "Vəsf” balet-kompozisiyasından çəkilmiş foto və video materialları bir neçə ay öncə həmin təşkilatın ünvanına göndərib və bu yaxınlarda aldığı nəticələr isə onu çox sevindirib.

"Mükafata layiq görüldüyüm üçün özümü çox xoşbəxt sayıram. Bu, təkcə mənim uğurum deyil. Məşq prosesinə yaradılan şəraitə görə teatrın rəhbərliyinə, baş dirijorumuz, Əməkdar incəsət xadimi Fəxrəddin Atayevə, quruluşçu baletmeysterimiz, Əməkdar artist Yelena  Ağayevaya, çəkilişdə göstərdiyi köməyə görə rejissor Samir Qulamova, teatrın geyim sexinin əməkdaşlarından tutmuş səhnə maşinistlərinə qədər, əziyyəti olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm”, – deyə Mələk Səfərova sevincini sənət dostları ilə bölüşüb.

Qeyd edək ki, Mələk Səfərova Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. İndiyə qədər bir çox musabiqələrdə iştirak edib. 

2014-2018-ci illərdə Azərbaycan Dillər Universitetinin "Fransız dili üzrə filologiya" fakültəsində təhsil alıb. Bir müddət Azərbaycan Fransa İnstitutunda (İFA) çalışıb. 2014-cü ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet artisti kimi fəaliyyətə başlayıb. Teatrda işlədiyi qısa müddət ərzində "Baladadaşın toy hamamı” ("Qəribə gülüş”), "Qızıl toy” ("Ukrayna rəqsi”), "Fərzəlikefcom” ("Yuxu” səhnəsi), "Fransızsayağı qarnir” (duet) "Paris Notr-Dama ithaf”(duet), "Mənim günahım” (solo) və demək olar ki, teatrın repertuarında olan bir çox tamaşalarda fəal iştirak edib, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 

Mələk Səfərova ötən il Akademik Musiqili Teatrın 109-cu mövsümünün "Ən yaxşı balet artisti” mükafatına layiq görülüb.

Tarix: 15.01.2020