“Teatrlarımızın açılması, təbii ki, hər kəsin vaksinasiyasından da çox asılıdır
“Teatrlarımızın açılması, təbii ki, hər kəsin vaksinasiyasından da çox asılıdır" - Bu sözləri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib. Onun fikrincə, əhalinin bütünlüklə peyvənd olunması prosesinin ləngiməsi genişmiqyaslı kütləvi tədbirlərin həyata keçirilməsini, o cümlədən teatr-konsert müəssisələrinin fəaliyyətə başlamasını şübhə altına alır.
"Koronavirusa yoluxanların, bu xəstəlik səbəbindən vəfat edənlərin sayı çoxaldıqca narahatlığımız birə - beş artır. Bütün teatr müəssisələri gözləyirdilər ki, sentyabrdan yeni mövsümün başlanmasına start verə biləcəyik. Nazirlik tərəfindən müəyyən tədbirlərin, hətta ənənəvi Beynəlxalq festivalların planlaşdırılması da ümidlərimizi artırır. Odur ki, insanları vaksinasiya olunmağa çağırırıq. Elə bilirik ki, teatrımızın əməkdaşlarının bu xüsusda hazırladığı sosial çarx sevimli tamaşaçılarımız tərəfindən yenə də maraqla qarşılanacaq. Hər kəsi bu video-çarxa baxmağa dəvət edirik. Biz doğrudan da səhnəmiz üçün, tamaşaçılarımız üçün çox darıxmışıq",- deyə Əliqismət Lalayev bildirib.