Musiqili Teatrın kollektivi Şəkidə uğurla çıxış edib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibəti ilə hazırladığı "Sən elə bir zirvəsən!" adlı musiqili-tarixi esseni bu dəfə Şəkidə nümayiş etdirib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şəki Dövlət Dram Teatrında həyata keçirilən bu layihədə Ulu öndərin əziz xatirəsi ehtiramla yad olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər salınıb.
Teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallının, həmçinin teatrın xor və balet heyətinin üzvlərinin maraqlı çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tamaşanın bədii rəhbəri, teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevi mükafatla təltif edib və tədbirin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
Tamaşanın ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Xatırladaq ki, bu tamaşa ilə Musiqili Tearın yaradıcı heyəti Gəncə şəhərində də qastrol səfərində olub.