Akademik Musiqili Teatrda "Fransızsayağı qarnir" tamaşası yenidən oynanılacaq
31 yanvar saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli yazıçı-dramaturq Mark Kamolettinin "Fransızsayağı qarnir” iki hissəli musiqili lirik komediyası nümayiş olunacaq. Əsərdə ağlasığmaz sevgi oyunlarından bəhs edilir. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə ipucu verən olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir.
Teatrın rus bölməsinin aktyorları tərəfindən hazırlanan bu komediyanın ilk nümayişi 2011-ci ilin oktyabrın 1-də oynanılıb və o vaxtdan indiyə qədər tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.
Qeyd edək ki, "Fransızsayağı qarnir” iki hissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar – Emil Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova Eleonora Mustafayeva və Valeriya İsgəndərova ifa edəcəklər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı komediya həvəskarı olan hər kəsi bu tamaşaya baxmağa dəvət edir.
Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar.