Teatr Xadimləri İttifaqı Musiqili Teatrın aktrisasını mükafatlandırdı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası Gülcahan Salamova teatr sahəsində səmərəli fəaliyyətinə, eyni zamanda 60 illik yubileyi münasibətilə Teatr Xadimləri İttifaqının mükafatına layiq görülüb.
Aktrisanın iştirak etdiyi “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyasının nümayişindən sonra teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova onun səhnə fəaliyyətindən danışıb, daha sonra “Fəxri fərman”ı təqdim etmək üçün TXİ-nın məsul katibi Aida Qafarovanı səhnəyə dəvət edib.
Vaxtı ilə bu tamaşanın Naznazı, hazırda Səlbi (Naznazın anası) obrazının ifaçısı olan Gülcahan xanım ona göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına minnətdarlığını bildirib.
Qeyd edək ki, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun rejissorluğu ilə yeni quruluşda hazırlanan səhnə əsərinin nümayişində Gülcahan Salamova ilə yanaşı, Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, İbrahim Əlizadə, Elnarə Nağdəliyeva, Nigar Qarayeva və başqaları da iştirak ediblər.