Musiqili Teatrın sevilən aktrisası yubileyini səhnədə qeyd etdi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyasının budəfəki nümayişi teatrın tanınmış aktrisası, Prezident mükafatçısı Gülcahan Salamovanın 60 illik yubileyi münasibəti ilə təqdim olunub.
Tamaşadan öncə teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova aktrisanın səhnə fəaliyyətindən danışıb.
Vaxtı ilə bu tamaşanın Naz-nazı olan Gülcahan xanım bu dəfə onu sevənləri Səlbi (Naznazın anası) obrazı ilə qarşılayıb.
Rejissor, Əməkdar İncəsənət xadimi Əsgər Əsgərovun quruluşunda ərsəyə gələn "Beş manatlıq gəlin" tamaşasında Gülcahan Salamova ilə yanaşı, Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, İbrahim Əlizadə, Elnarə Nağdəliyeva, Nigar Qarayeva və başqaları da eyni səhnəni bölüşürlər.
Qeyd edək ki, Gülcahan Əhməd qızı Salamova 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyoru" fakültəsini bitirib.
Həmin ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında solist-vokalist kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Teatrda çalışdığı müddətdə saysız obrazların öhdəsindən məharətlə gəlib.
2013-cü ildə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Prezident mükafatçısıdır.