Polad Bülbüloğlu ad gününü Akademik Musiqili Teatrının səhnəsində qeyd etdi.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun “Nəğməmə inan” tamaşasının premyerası uğurla təqdim olunub.
Dövlət rəsmilərinin, ölkənin tanınmış teatr xadimlərinin, incəsənət adamlarının qatıldığı premyera anşlaqla keçib.
Rus bölməsində hazırlanan maraqlı tamaşadan sonra teatrın simfonik orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun ecazkar ifaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Həm premyera, həm də ad günü münasibətilə böyük bəstəkarı təbrik edən pərəstişkarları ona və yaradıcı heyətə gül-çiçək dəstələri hədiyyə ediblər.
Qeyd edək ki, tamaşanın libretto və mahnı mətnlərinin müəllifi Mixail Şerbaçenko da tamaşaçılar arasında olub.
Səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Bu gün saat 19:00-da "Nəğməmə inan"ın yaradıcı heyəti - Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc tamaşaçıları yenidən salamlayacaqlar.