Akademik Musiqili Teatrda Emin Sabitoğlunun 85 illik yubileyi qeyd olunub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kalmonovski) musiqili komediyasının növbəti nümayişi görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunub.
Tamaşadan öncə tanınmış telejurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə çıxış edərək bəstəkarın həyat və yaradıcılıq fəaliyyətindən danışıblar.
Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri, eləcə də bəstəkarın ailə üzvlərinin iştirak etdiyi tamaşa hər kəs tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda teatrın rus bölməsində ərsəyə gələn bu musiqili komediyanın premyerası 2018-ci ilin 18 oktyabrında teatrsevərlərə təqdim olunub.
Əsərdə hadisələr Bağdadda, xəlifə Harun ər-Rəşidin dövründə baş versə də, tamaşanın ideyası müasir zamanla səsləşir.
Səhnə əsərində rolları teatrın sevilən aktyorları Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar Firus Məmmədov, Rauf Babayev, Mehriban Zaliyeva, Nadejda Povelitsina, Telnaz Hüseynova, Əliməmməd Novruzov, Hidayət Əliyev, Murad Əliyev, Əli Kərimov ifa ediblər.