"Anamın kitabı" tamaşasının premyerası uğurla keçdi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında iki gün ardıcıl nümayiş olunan Mədəniyyət Nazirliyinin yeni layihəsi - "Anamın kitabı" tamaşasının premyerası anşlaqla keçib.
Öncə Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev səhnəyə çıxaraq tamaşaçıları salamlayıb və layihə barəsində onlara ətraflı məlumat verib, yaradıcı heyətə uğurlar arzulayıb...
Mədəniyyət naziri Anar Kərimov, Gənclər və idman naziri Fərid Qayıbov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, həmçinin ölkəmizdəki səfirlərin, eləcə də tanınmış teatr xadimlərinin, incəsənət adamlarının izlədikləri premyera böyük maraqla qarşılanıb.
Qeyd edək ki, səhnə əsəri Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. Yeni və müasir rejissor işi nəticəsində ingilis dilində ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşüblər.
Premyeradan sonra rəsmi qonaqların, eləcə də incəsənət xadimləri yaradıcı heyətlə səhnəarxası görüş keçirib, onlarla xoş təəssüratlarını bölüşüblər.
Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur.
Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.
Qeyd edək ki, Musiqili Teatrın tarixində ilk dəfə ingilis dilində nümayiş olunan səhnə əsəri tamaşaçıların xahişi ilə noyabr ayının 11-də bir daha nümayiş olunacaq.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.