Akademik Musiqili Teatrın kollektivi şəhidlərimizi ehtiramla yad etdi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 27 sentyabr - Anım Günündə
şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq "Bir nəfəs qədər” tamaşasını bir daha nümayiş etdirdi.
Xatırladaq ki, ötən həftə (sentyabrın 23-də) Akademik Musiqili Teatr 113-cü mövsümünü də bu tamaşa ilə açmışdı.
Səhnə əsəri qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunub.
Pyesin müəllifi və eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamovdur.
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.
Səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır.
Tamaşada Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Əmrah Dadaşov, Mehriban Zaliyeva, Gülcahan Salamova, Hüseyn Əlili, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Hidayət Əliyev, Ofeliya Məmmədova, Nəzrin İsmayılzadə, Murad Əliyev, Əli Kərimov, balet artistləri Məhəmməd Abdullayev və Röya Mehralızadə iştirak ediblər. Onların çıxışları şəhid anaları, qazilər və digər tamaşaçılar tərəfindən böyük rəğbət və sürəkli alqışlarla qarşılanıb.
Dəfələrlə “Bir nəfəs qədər”in tamaşaçısı olan Qarabağ qazisi Rüxsarə Cumayeva isə səhnəyə çıxaraq öz təəssüratların bölüşüb və teatrın yaradıcı heyətinə minnəddarlığını bildirib.