Akademik Musiqili Teatr 113-cü mövsümünü “Bir nəfəs qədər” tamaşası ilə açdı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 113-cü mövsümünü şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq "Bir nəfəs qədər” tamaşası ilə açdı.
Tamaşa qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunub.
Pyesin müəllifi və eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamovdur.
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada eyni zamanda Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.
Səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Ana inanır ki, oğlu nə vaxtsa mütləq qayıdacaq. Qaranlıq, uzun gecələrin birində ana sanki arzusuna çatır. Əslində isə xəyal və gerçəklik arasında övladının yoxluğu ilə barışmaq məcburiyyətində qalır...
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Əmrah Dadaşov, Gülcahan Salamova, Hüseyn Əlili, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Ofeliya Məmmədova, Nəzrin İsmayılzadə, Murad Əliyev, Əli Kərimov, balet artistləri Məhəmməd Abdullayev və Röya Mehralızadə ifa ediblər.
Vətənpərvərlik mövzusunda olan bu səhnə əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.