Milli Musiqi Günündə ordumuza dəstək nümayiş olundu

18 sentyabr – Milli Musiqi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi ordumuza dəstək nümayiş etdirib. Teatrın kollektivi vətən uğrunda döyüşlərində canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra səhnədə teatrın simfonik orkestrinin müşayiəti ilə bütün kollektivin ifasında Dövlət himni səsləndirilib.
Sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bu əlamətdar günün əhəmiyyətindən danışıb: "Ümummilli lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə hər il 18 senytabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan professional musiqisinin banisi Üzeyir Haçıbəylinin doğum günüdür. Biz bu gün XIV Üzeyir Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşada olmalı idik, teatrımızın 113-cü mövsümünün açılış mərasimi Şuşada keçirilməli idi. Lakin erməni təxribatı nəticəsində şəhid olan oğullarımıza ehtiram əlaməti olaraq yeni mövsümün açılışı ilə bağlı planlarlarımızda dəyişiklik etdik.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bu gün – Milli Musiqi Günündə ölkənin bütün mədəniyyət ocaqlarında Azərbaycanımızın ali musiqisinin – Dövlət himninin eyni anda səslənməsi çox gözəl və unudulmaz hadisə oldu. Bu, müqəddəs vətənimizə, dövlətimizə sədaqət, şəhidlərimizin ruhuna sonsuz hörmət, şanlı ordumuza sevgi və böyük Üzeyir bəyin xatirəsinə verilən dəyərdir.
Teatrımız hər zaman ordumuzun yanındadır, biz əsgərlərimizlə fəxr edirik. Əbəs yerə teatrımız "Döyüşən teatr" adlandırılmayıb. Biz hər addımda dövlətimizin, onun Ali Baş Komandanının və müzəffər ordumuzun yanındayıq".

 

 

Tarix: 18.09.2022