Xalq artisti Mərdəkan Mədəniyyət Sarayının qonağı oldu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, dosent Təranə xanım Muradova ilə görüş keçirilib.
İştirakçılar sevimli rəqqasəni gül-çiçək dəstələri ilə qarşılayıblar.
Tədbirin aparıcısı, Akademik Musiqili Teatrının aktrisası Gültac Əlili Xalq artistinin həyat və yaradıcılığı haqqında tamaşaçılara maraqlı və geniş məlumat verib.
Təranə Muradova tədbirin
əsas təşkilatçısı olan Bakı Şəhər Baş Mədəniyyət İdarəsinə və görüşə gələn hər kəsə öz təşəkkürünü bildirib.
Mədəniyyət sarayında xoreoqrafiya sənəti ilə məşğul olan gənc rəqqaslara ustad dərsi keçməklə yanaşı, tanınmış rəqqasə onun sənətinə pərəstiş edən sevimli tamaşaçılarını maraqlandıran suallara da cavab verib.
Görüş barədə Mərdəkan Mədəniyyət Sarayının direktoru Ülvi Cəfərov öz təəssüratlarını bizimlə bölüşüb və belə görüşlərin əhəmiyyətindən danışıb:
"Azərbaycan millı rəqs sənətini dünyanın hər yerində böyük sevgi və uğurla nümayiş etdirən, milli mədəniyyətimizin böyük təbliğatçısı ustad rəqqasənin həyat və yaradıcılığı bu sənətlə məşğul olan hər bir gənc üçün layiqli örnəkdir.
Odur ki, tədbirdə gənclərin xüsusilə fəal olması bizi daha çox sevindirir.
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin bu layihəsi çərçivəsində Azərbaycanın sevilən səhnə ustası, Şöhrət ordenli Xalq artisti Afaq Bəşirqızı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı səhnə ustaları, Əməkdar artist, Prezident mükafatçısı Nərgiz Kərimova, Əməkdar artist Fərid Əliyevlə də belə görüşlərin keçirilməsini planlaşdırırıq. Bu görüşlər gənclərdə estetik zövqün formalaşmasına, onların dünyagörüşünün genişlənməsinə, xüsusən incəsənətlə məşğul olmaq istəyənlərin düzgün istiqamətləndirilməsinə kömək edir, gənclərimizin asudə vaxtlarından səmərəli istifadə etmələrinə şərait yaradır".