Belarus teatrı ilə Akademik Musiqili Teatr əməkdaşlıq müqaviləsi bağladı
Belarus Respublikasında səfərdə olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının nümayəndə heyəti bu gün Mogilyov vilayətindəki V.İ.Dunin-Martsinkeviç adına Dram və Komediya Teatrında olub, teatrın binası, kollektivlə görüşlər hər iki tərəfdə maraq doğurub.
Sonda teatr rəhbərləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu haqda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev məlumat verib:
"Səfərimiz çox məhsuldar keçir. Bir sıra rəsmi və işgüzar görüşlərdə iştirak etmişik. Burada fəaliyyət göstərən, şəhərin ictimai həyatında çox böyük rol oynayan diasporamızın üzvləri ilə görüşmüşük.
Bu gün isə Mogilyov vilayətindəki V.İ.Dunin-Martsinkeviç adına Dram və Komediya Teatrının direktoru Veronika Aleksandrovna Vinel ilə hər iki teatr üçün faydalı olacaq əməkdaşlıq müqaviləsi imzaladıq. Müqavələyə əsasən gələcəkdə teatrlararası yaradıcılıq əlaqələrinin davam etdirilməsi, rejissor, aktyor, rəssam mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda iki ölkə dramaturqlarının əsərlərinin həm Bakıda, həm də Belarusda səhnəyə qoyulması və bütün bu kimi məsələlərlə bağlı söhbətlər apardıq.
Ümidvaram ki, bu əməkdaşlığımız mədəniyyətimizin və teatr mühitinin inkişafına öz töhfəsini verəcək.
Bir şeyi də qeyd edim ki, biz sabah bu vilayətin Bobruysk şəhərində "Dostluq çələngi" Beynəlxalq Teatr Festivalında iştirak edəcəyik.
Dünya şöhrətli yazıçı Fyodr Dostayevskinin "Utancaq qız" fantastik povesti əsasında hörmətli Xalq artistimiz Cənnət xanım Səlimovanın quruluşunda səhnələşdirilən eyniadlı monotamaşanı təqdim edəcəyik. Festival səhnəsinə əsərin yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynov çıxacaq”.