Musiqili Teatrda xüsusi qayğıya ehtiyacı olan uşaqların sərgisi keçirildi
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında UAFA – Azərbaycana Birgə Yardım Təşkilatının xeyriyyə layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan (əlilliyi olan) uşaqların “Qarabağ uşaqların gözü ilə” adlı sərgisi keçirilib.
Tədbiri sərginin ideya müəllifi Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev açaraq layihə iştirakçıları qarşısında çıxış edib, hər kəsi balaca rəssamların yaradıcılığı ilə daha yaxından tanış olmağa çağırıb.
Sonra sərginin kuratoru, teatrın baş rəssamı Vüsal Rəhim, layihənin koordinatoru Zəhra Xələfova və Aysel Əmirovanın bələdçiliyi ilə sərgiyə baxış keçirilib.
Ə.Lalayev layihədə iştirak edən uşaqlara teatrın adından həvəsləndirici “Diplom”lar təqdim edib, onlara xoş arzualarını bildirərək hər biri ilə xatirə şəkilləri çəkdirib.
Layihə iştirakçıları sonda librettosu və quruluşu rejissor Zəhra Quliyevaya aid olan “Qırmızı papaq və Redmüzi” tamaşasına baxıblar və teatrdan xoş təəsuratla ayrılıblar.