Akademik Musiqili Teatr “Laçının azad olunmasına görə” təltif olunan gənc balet artisti ilə qürur duyur…
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti, döyüşçü Murad Ağayevə “Laçının azad olunmasına görə” medalı və vəsiqəsi 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti ilə Müdafiə Nazirliyi tərəfindən təqdim olunub.
Qeyd edək ki, Vətən Müharibəsində igidlik göstərən M.Ağayev bu mükafata ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə layiq görülmüşdür.
Füzulidən Şuşayadək döyüş yolu keçmiş Murad Ağayev ona təqdim edilən dəyərli təltifə görə möhtərəm prezidentə təşəkkürünü bildirib və bu münasibətlə onu təbrik edən teatr kollektivi qarşısında çıxış edib, təəssüratlarını bölüşüb.
“Ötən il ölkə başçısının müvafiq sərəncamı ilə “Laçının azad olunmasına görə” medalına layiq görülmüşəm. Lakin medalın təqdimatı bu ilin 28 May - Müstəqillik Günü münasibəti ilə həyata keçirildi. Bu sonsuz sevincimi kollektivimizlə bölüşmək istəyirəm.
Akademik Musiqili Teatr ailəsinin bir üzvü kimi 44 günlük Vətən müharibəsində könüllü olaraq döyüşlərdə iştirak etdiyimə görə qürur duyuram. Bu medalı da o biri uğurlarım kimi kollektivimizə aid edirəm… Belə düşünməyə mənəvi səbəblərim var. Kollektivimizin üzvləri muharibə dönəmində arxa cəbhədə daim bizim ailələrimizin yanında oldu, həmçinin ön cəbhədə də fəallıq göstərdi, döyüşdü…Teatrımızın işıqçısı Əliağa Məmmədov 19 yaşında, ömrünün ən gözəl çağında şəhid oldu... Bütün şəhidlərimizlə qürur duyuram.
Böyük Qələbəmiz birliyimizin təntənəsidir.
İndi o anlar kino lenti kimi göz önümdən keçir… Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının kollecini bitirən Murad Ağayev 2015-ci ildən Akademik Musiqli Teatrda çalışır, indiyə qədər teatrın repertuarında olan əksər tamaşalarda iştirak edib. Böyük qələbədən sonra teatrda ona baletmeyster assistenti vəzifəsinin icrası da həvalə olunub.