Tamaşaçıların xahişi ilə Akademik Musiqili Teatrda “Qırmızı papaq və Redmüzi”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balaca teatrsevərləri “Qırmızı papaq və Redmuzi” müzıklı ilə sevindirəcək.
Qeyd edək ki, mayın əvvəllərində premyerası uğurla nümayiş olunan bu tamaşa teatrsevərlərin xahişi ilə həmin gün iki seans olmaqla, saat 12:00 və 14:00-da bir daha oynanılacaq.
Məşhur “Qırmızı papaq” nağılının motivləri əsasında hazırlanan “Qırmızı papaq və Redmuzi” tamaşasının libretto müəllifi və quruluşçu rejissoru Zəhra Quliyevadır.
Bakıda fəaliyyət göstərən “Vətən” uşaq teatr studiyası ilə Akademik Musiqili Teatrın birgə layihəsi olan bu tamaşanın musiqi tərtibatçısı Tural Məmmədli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Nərminə Vəliyeva, rəqslərin quruluşçusu Akademik Musiqili Teatrın xoreoqrafı, Əməkdar artist Nigar Şahmuradova, qrim rəssamı Aybəniz Hüseynova, tamaşanın rejissor assistenti Prezident mükafatçısı Əmrah Dadaşovdur.
Səhnə əsərinin baş qəhrəmanları “Vətən” studiyasının üzvləri Adelya Osmanova (Redmuzi) və Əzizə Həsənzadədir (Qırmızı papaq).
Tamaşada Ellada Sarvan (Tutuquşu, Nənə, Ana Yadplanetli), Beyrək Rüstəmzadə (Ovçu), Yaqut Bədəlova (Dovşan, Antivirus, Ana toyuq) və studiyanın digər üzvləri (cücələr, quşlar, sehrli ekranlar, planetlər, ulduzlar, robotlar) müxtəlif nağıl personajları obrazında balaca teatrsevərlərin qarşısına çıxacaqlar.
Akademik Musiqili Teatrın aktyorları Əmrah Dadaşov (Vayfay və Canavar) və Hüseyn Əlili (Virus) də onlarla eyni səhnəni bölüşəcəklər.
Uşaqların müasir dünyagörüşünə, maraq dairəsinə daxil olan elektronlaşmış həyat hadisələrini əhatə edən bu qeyri-adi tamaşa üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.