Nazir Akademik Musiqili Teatrın könüllülərinı mükafatlandırdı
Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyət göstərən könüllülər dəstəsinin bütün üzvlərini Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Teatrda bir gün” layihəsində aktiv iştiraklarına görə mükafatlandırıb.
Bu barədə teatrın inzibatçısı, Akademik Musiqili Teatrın Könüllüləri qrupunun rəhbəri Aludə Şəkərova məlumat verib və göstərilən diqqətə görə gənc könüllülər adından Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. O, qurumun yaranma zərurətindən və fəaliyyətə başladıqları gündən indiyə qədər əldə etdikləri uğurlardan da danışıb:
“2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, “Akademik Musiqili Teatrın könüllüləri” dəstəsi yarandı. Sevindirici haldır ki, o vaxtdan indiyə qədər istedad və bacarıqları ilə bir-birindən fərqlənən teatrsevər gəncləri bir araya gətirə bilmişik və bu ardıcıllıq yenə də davam edir. Ümumiyyətlə, teatr könüllülərinin yaranma məqsədi ölkəmizdə mədəniyyət sahəsində könüllü qisminin yetərsiz olması idi. Biz bu sahədəki boşluğu teatr könüllüləri ilə aradan qaldırmaq istədik və qısa müddətdə qismən də olsa, istədiyimizə nail olduq, incəsənətə, teatra marağı olan gəncləri dəvət etdik. Dəstəmizə qoşulan gənclər əvvəlcə müxtəlif treninqlərdə teatrın pərdəarxası məqamları ilə tanış oldular və müəyyən təcrübə keçdilər.
Könüllülər dəstəsinin yaradılmasının pandemiya dövrünə düşməsinə baxmayaraq, biz hər zaman köməyə ehtiyacı olan sənət adamlarının yanında olduq.
Ötən il Akademik Musiqili Teatrın UNESCO tərəfindən qəbul edilmiş "İnklüziv teatr" layihəsində jest dilini bilən könüllülər iştirak etdilər və "İnklüziv teatr" studiyasının üzvlərinə bacardıqları köməkliyi əsirgəmədilər.
10 mart - Milli Teatr Günü, 27 Mart - Beynəlxalq Teatr Günü münasibəti ilə düzənlənən tədbirlərdə verilən tapşırıqları çox böyük məsuliyyətlə yerinə yetirməyə çalışmışıq.
Bu və ya digər tədbirlərdə fəaliyyətimizə görə də teatr rəhbərliyinin daim diqqətindəyik. Bizə yaratdığı şəraitə görə təşəkkür edirik.
Teatr və könüllülük – yüksək dəyərdir və həmişə şüarımız belə olub. Ölkəmizin inkişafı naminə gələcəkdə də teatrsevər gənclərlə birlikdə daha gözəl ideyaları həyata keçirməyi düşünürük. Başladığımız bu ənənələri böyük məsuliyyətlə davam etdirmək və teatra həvəsi olan gəncləri daim yanımızda görmək arzusundayıq".