Akademik Musiqili Teatrının kollektivi Nəsibə Zeynalovanın məzarını ziyarət etdi
Bu gün milli teatr və kino sənətimizin unudulmaz siması, zəngin mədəniyyət salnaməmizdə silinməz izi olan böyük sənətkar, Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi Mədəniyyət Nazirliyinin teatr sektorunun əməkdaşları ilə birlikdə sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Mərhum sənətkarın xatirəsi ehtiramla anılıb, məzarı üstünə güllər düzülüb.
Görkəmli aktrisanın həyat yoluna nəzər salan Akademik Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev unudulmaz aktrisa ilə bağlı xatirələrini danışıb və vaxtı ilə Nəsibə xanımın möhür vurduğu tamaşaların yeni quruluşda səhnəyə hazırlanmasından söhbət açıb:
“Azərbaycan teatrında elə unudulmaz sənətkarlar var ki, illər, qərinələr keçsə belə, heç vaxt unudulmayacaq. Onlardan biri də Nəsibə xanım Zeynalovadır. Bu gün Nəsibə Zeynalovanın anadan olmasının 106-cı ildönümü tamam olur. Sevilən gülüş ustasının oynadığı tamaşalar, çəkildiyi filmlər hər zaman xatirimizdədir. Bu gün Nəsibə xanımın məzarını ziyarətə gələn aktyorlarımızın bəziləri onunla eyni səhnəni bölüşüblər, bəzilərinə isə bu xoşbəxtlik nəsib olmayıb. Mən özümü xoşbəxt sənət adamı hesab edirəm ki, elə korifey sənətkarla ünsiyyətim olub. O zamanlar Naxçıvan Dövlət Musiqili Teatrında peşəkar səhnədə quruluş verdiyim tamaşa “Hicran” komediyası ilk işim olsa da, mənə böyük yaradıcılıq imkanları açdı. O tamaşada görkəmli sənətkarlar ifa edirdilər və bu yükü gənc rejissor olaraq daşımaq çətin idi, düşünürdüm ki, öhdəsindən gəlmərəm. Həmin layihənin maraqlı cəhəti o idi ki, Nəsibə xanım kimi sənətkarlarla məni daha yaxından tanış etdi. Heç ağlıma gətirməzdim ki, nə vaxtsa mən Akademik Musiqili Teatrda onun vaxtı ilə möhür vurduğu tamaşaların yenidən səhnəyə qoyulması ilə bağlı məlumat verəcəyəm. Nəsibə xanımın oynadığı bəzi tamaşalar hələ də teatrımızın repertuarındadır...
Bu yaxınlarda “Qaynana” tamaşasının məşqlərinə başlayacağıq. Sevimli Qaynananı Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda səhnədə yenidən görəcəyik.
Sözlərimi həm məsuliyyətlə, həm həyacanla qeyd edirəm ki, bu tamaşaya Nəsibə xanımdan sonra müraciət olunmayıb. Qaynana obrazını kim oynayacaq? Hələ bu barədə də məlumat verməyəcəm, qoy sürpriz olsun.
Daha bir tamaşa da hazırlanır, amma pandemiya dönəmində teatrların uzun fasilədə olması işlərimizi yarımçıq qoydu. Teatrsevərlər “Hicran” musiqili komediyasını yenidən səhnədə görəcəklər. Onun quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimovdur. Nəsibə xanıma həsr olunan bu tamaşalar bizim teatrda öz layiqli yerini qoruyacaq. O, ümumxalq məhəbbətini və rəğbətini qazanmış fitri istedada malik böyük sənətkar idi… Onun haqqında danışmaqla bitməz... Allah rəhmət eləsin. Ruhu şad olsun”.