Əməkdar artist Ələkbər Əliyev yubileyini tamaşaçılarla qeyd edəcək

Aprel ayının 16-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri, şərqin ilk operettası – "Ər və arvad” musiqili komediyası oynanılacaq.
Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və səhnəyə qoyulduğu vaxtdan (1910-cu ildən) indiyə qədər repertuardan düşməyən, teatrsevərlər tərəfindən sevilən səhnə əsərinin budəfəki nümayişi Akademik Musiqili Teatrın tanınmış aktyoru, Əməkdar artist Ələkbər Əliyevin 65 illik yubileyi münasibəti ilə təqdim olunacaq.
Tamaşadan öncə teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxış edəcək, sevilən aktyorun yaradıcılığından danışacaq. 
Ələkbər Əliyev bu tamaşada Mərcan bəy obrazını canlandıracaq. Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev, Nigar Qarayeva və başqaları yubiliyarla eyni səhnəni bölüşəcəklər. 
Əliyev Ələkbər Həsən oğlu 15 aprel 1957-ci ildə anadan olub. 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Musiqili komediya aktyoru” fakültəsini bitirib, elə həmin il təyinatla Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqi Teatrı) fəaliyyətə başlayıb. 
Gözəl səs tembri, yüksək səhnə mədəniyyəti ilə tamaşaçıların rəğbətini qazanan Ə.Əliyev işlədiyi müddətdə bir sıra maraqlı obrazlar silsiləsi yaratmışdır. 
Dəfələrlə Prezident mükafatına layiq görülən aktyor 2013-cü ildən “Əməkdar artist” fəxri adını daşıyır.   
Yeri gəlmişkən qeyd edək ki, Musiqili Teatrın “Ər və arvad” tamaşası 2017-ci ildə İranda keçirilən Azərbaycan Mədəniyyəti Günlərində ölkəmizin teatr sənətini uğurla təmsil edib. Tamaşa Təbrizdə təşkil olunan 35-ci “Fəcr” Beynəlxalq Teatr Festivalının mükafata layiq görülüb.

Tarix: 14.04.2022