“Fəcr” Beynəlxalq Teatr Festivalının təşkilatçıları Akademik Musiqili Teatra təşəkkür etdi
İran İslam Respublikasında keçirilən “Fəcr” Beynəlxalq Teatr Festivalının təşkilatçıları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə təşəkkür məktubu ünvanlayıb.
İran Bədii Sənətlər Mərkəzinin Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Müjgan Vəkilinin imzası ilə daxil olan məktubda Akademik Musiqili Teatrın 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında uğurlu iştirakına görə məmnunluq bildirilir, iki dövlət arasında mədəni əlaqələrin gələcək inkişafına təkan verən layihələrin davamlı olması arzulanır. Elə bu səbəbdən də minnətdarlıq ifadəsi olaraq həmin festivalda nümayiş olunan tamaşaların rejissorlarına peşəkarlıqla hazırladıqları səhnə əsərlərinə görə “Təşəkkürnamə”lər göndərilib.
Rejissorlara göndərilən “Təşəkkürnamə”ləri İran Bədii Sənətlər Mərkəzinin direktoru Qader Aşna və “Fəcr” festivalının direktoru Hüseyn Mustafeh Astaneh imzalayıb.
Xatırladaq ki, Musiqili Teatr həmin festivalda tanınmış rejissor, Xalq artisti Cənnət Səlimovanın quruluşunda “Utancaq qız” (F.Dostoyevski) fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşanı və rejissor Samir Qulamovun “Bir nəfəs qədər” pyesi əsasında və quruluşunda hazırlanan eyniadlı musiqili dramını təqdim etmişdi.