Akademik Musiqili Teatrda 31 Mart Soyqırımı qurbanlarının xatirəsi belə anıldı
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının sosial şəbəkə hesablarında faciə qurbanlarının əziz xatirəsinə ithaf olunan "Unutmayaq!” layihəsi çərçivəsində rejissorların hazırladığı videoçarxlar nümayiş olunub.
İdeya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan bu layihədə 1918-ci ilin mart-aprel aylarında bolşeviklərin və erməni-daşnak terrorçu qruplaşmalarının Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ölkəmizin digər ərazilərilərində soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərdən bəhs edilir.
Qeyd edək ki, rejissor Samir Qulamovun ssenari müəllifi və quruluşunda çəkilən "Sündü” qısametrajlı bədii filmi Qobustan rayonunun Sündü və Təklə Mirzəbaba kəndlərində çəkilib. Bu filmdə söhbət konkret bir ərazidə baş verən faciədən getsə də, ümumilikdə o dövrdə ölkəmizin başına gətirilən müsibətlər göstərilir.
Rejissorlar Ər-Toğrul Kamalovun "Qətliam", Anar Babalının “31 Mart – Qanlı tarix” və Zaur Əliyevin hazırladığı videoçarxlarda da mənfur düşmənlərimizin vəhşiliyi real faktlarla vurğulanır, müasir gənclərin gözü ilə faciənin tarixi köklərinin araşdırılmasının vacibliyi diqqətə çatdırılır.