"Fransızsayağı qarnir" alqışlarla qarşılandı
Dünən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli yazıçı-dramaturq Mark Kamolettinin "Fransızsayağı qarnir” ("ГАРНИР ПО-ФРАНЦУЗСКИ") iki hissəli musiqili lirik komediyası nümayiş olunub. Rus bölməsinin aktyorları tərəfindən hazırlanan bu komediya tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 2011-ci ildən teatrın repertuarına daxil edilən tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır. Səhnə əsərində Əməkdar artist Svetlana Bulax (Suzetta), aktyorlar – Rauf Babayev (Bernard), Emil Heydərov (Robert), Firus Məmmədov (Corc), Yuliya Heydərova (Suzanna) və Valeriya İsgəndərova (Jaklin) iştirak ediblər. Qeyd edək ki, Valeriya İsgəndərzadə Jaklin obrazında ilk dəfə səhnəyə çıxıb.