Akademik Musiqili Teatrda tanınmış aktrisa Lütviyyə Səfərovanın xatirəsi yad edilib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə nümayiş olunub. Səhnə əsərinin budəfəki təqdimatı uzun illər Akademik Musiqli Teatrda çalışmış aktrisa Lütviyyə Səfərovanın 80 illik yubileyinə həsr olunub.
Quruluçu rejissoru Xalq artisti Cənnət Səlimova olan bu tamaşada rolları Əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Nahidə Orucova, Ələkbər Əliyev, Nadir Xasiyev, aktyorlar Elxan İsmayılov, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gültac Əlili, Şaban Cəfərov, Fərid Rzayev, Elməddin Dadaşov, Təranə Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Əli Kərimov, Rüstəm Rüstəmov, kiçik yaşlı aktyorlar Rahib və Nuray Məmmədzadələr ifa edibdilər.
Xatırladaq ki, Lütviyyə Səfərova müxtəlif illərdə “O olmasın, bu olsun” musiqili komediyasında Gülnaz və Sənəm obrazınlarını canlandırıb.
Lütviyyə Şamil qızı Səfərova 11 mart 1942-ci ildə ziyalı ailəsində anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsini bitirdikdən sonra Musiqili Komediya Teatrına (Azərbaycan Dövlət Akademik Musiqili Teatrının keçmiş adı) dəvət olunub. Elə ilk günlərdən özünəməxsus ifa tərzi ilə seçilən aktrisa “Hicran” komediyasında Çarleston, “Gözün aydın”da Leyla, “Özümüz bilərik”də Lalə, “Məmmədəli kurorta gedir”də Xurşud, “Sevindik qız axtarır”da Nazik, “Ev bizim, sirr bizim”də Çiçək, “Nənəmin şahlıq quşu”nda Nazlı, “Arşın mal alan”da Asya, “Milyonçunun dilənçi oğlu”nda qonşu qız, “Olmadı elə, oldu belə”də Gülnar, “Bankir adaxlı”da Ceyran, “Volqalı canan”da Şəlalə, “Nəğməli Könül”də Qəmər xanım və digər tamaşalarda rəngarəng obrazlar qalereyası yaratmışdır.
O, 1989-cu ildən 1996-ilədək Bakı Bələdiyyə “Tənqid-Təbliğ” Teatrında çalışıb, sonra isə yenidən əvvəlki doğma iş yerinə qayıdıb, bir-birindən maraqlı rolları ilə tamaşaçıların rəğbətini qazanmışdır.
Bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollarda çıxış etmiş aktrisa sonuncu dəfə 2006-cı ildə “Qısqanc ürəklər” tamaşasında Natella obrazı ilə səhnəyə çıxmışdır.
L.Səfərova 2010-cu il mart ayının 1-də vəfat edib. Allah rəhmət eləsin.