Akademik Musiqili Teatrda “Leyli və Məcnun”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Ü.Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının motivləri əsasında librettosu və quruluşu rejissor Samir Qulamova aid olan eyniadlı tamaşanın məşqlərinə başlanılıb. 
Əsərin ilk stolarxası oxunuş məşqində iştirak edən Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev ideya müəllifi və bədii rəhbəri olduğu tamaşa haqqında fikirlərini yaradıcı heyətlə bölüşüb.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri, eyni zamanda Məcnun obrazının ifaçısı Əməkdar artist Emin Əliyev, Xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi  Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçısıları –  Əməkdar artist Elxan Mansurov, Səxavət Məmmədov, konsertmeysteri  Nərminə Əbdürəhmanova, rejissor assistentləri – Əmrah Dadaşov və Sevinc Məmmədovadır.
Leyli obrazını VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun obrazını isə respublika və beynəlxalq muğam müsabiqələrinin laureatı Orxan Hüseynli canlandıracaq.
Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, Fərid Əliyev aktyorlar – Əmrah Dadaşov, Səmədzadə Xasiyev, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, balet artisti İranə Kərimova, eləcə də teatrın xor və balet heyəti iştirak edəcək.
Tamaşanın ümumi məziyyətlərindən söhbət açan Əliqismət Lalayev bizimlə söhbətində bildirdi: “Çox məsuliyyətli bir layihəyə başlayırıq. Fəlsəfi fikir kontekstində bəşəri problemlərin ön plana çəkilməsi və bunun muğam dili ilə tamaşaçılara çatdırılması elə də asan iş deyil. Orijinallığı qorumaqla yeniliklər yaratmaq isə güclü fantaziya, cəsarət, hünər tələb edir. Ümidvaram ki, hər zaman ilklərə imza atan Akademik Musiqili Teatr bu dəfə də tamaşaçılarını yaxşı mənada təəccübləndirməyi və sevindirməyi bacaracaq”.

Tarix: 29.01.2022