Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Respublikanın Əməkdar artisti Novruz Əliyev (Qartal) 2022-ci ilin yanvarın 8-də 74 yaşında ağır xəstəlikdən vəfat edib.
Novruz Yaqub oğlu Əliyev 1947-ci ilin martın 21-də anadan olub.
1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun "Musiqili komediya aktyoruğu” fakultəsini bitirib.
1968-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayıb. Özünü epizodik və əsas rolların mahir ifaçısı kimi tamaşaçılara sevdirməyi bacaran aktyor Azərbaycan, eləcə də müxtəlif xarici dramaturqların əsərlərində onlarla yaddaqalan obrazlar yaratmışdır.
"Toy kimindir” səhnə əsərində Qoşun, "Durna”da Dursun, "Hicran”da Balaəmi, "Lənət şeytana”da İsrafil, "Özümüz bilərik”də İbişov, "Milyonçunun dilənçi oğlu”nda Xidmətçi, "Sevindik qız axtarır”da Tələbə, "Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və digər rolları ilə tamaşaçıların dərin rəğbətini qazanmışdır.
N.Əliyev bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi "Tənqid-Təbliğ” Teatrında çalışmışdır. 1996-cı ildə fəaliyyətini Musiqili Komediya Teatrda (Akademik Musiqili Teatrın keçmiş adı) yenidən davam etdirən Novruz Əliyev maraqlı obrazlar silsiləsi yaratmışdır. Bunlardan "92 dəqiqə gülüş”də Xəstə, "On min dollarlıq kef”də Dayıoğlu, "Hərənin öz ulduzu”nda Kələntər, "Dəli dünya”da Tın-Tın Əsəd, "O olmasın, bu olsun”da Məşədi Qəzənfər, "Bankir adaxlı”da Dilənçilər padşahı, "Əlin cibində olsun”da Dilənçi, "Məhəbbət oyunu”nda Daşdəmirov, "Volqalı canan”da Müqəddəsov, "Aldın payını, çağır dayını”da Əhmədi Biqəm, "Şeytanın yubileyi”ndə Şivan və digər rollarının adlarını çəkmək olar.
Novruz Əliyev Akademik Musiqili Teatrın yeni quruluşda hazırlanan "Beş manatlıq gəlin", "Hicran" tamaşalarında da rol almışdır, lakin amansız xəstəlik onu səhnədən uzaq saldı...
Sevilən aktyorun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!