ADA Universiteti Akademik Musiqili Teatrla birgə Xocalı faciəsinin 28-ci ildönümünü yad etdi
ADA Universiteti və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə əməkdaşlığı ilə hazırlanan tədbirlər hər zaman maraq doğurur. İstər teatrın, istərsə də bu universitetdə təhsil alan gənclərin təqdim etdiyi layihə bu dəfə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuşdur.
Anım tədbiri Xocalı şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra teatrın səhnəsində ADA Universitetinin Milli Klubunun fəalları tərəfindən vətənpərvərvərlik ruhunda hazırlanan "Xocam” tamaşası göstərilib. Xocalı şəhidlərinə ithaf olunmuş bu tamaşada xalqımızın əzmkarlığı, mübarizliyi bir daha bədii obrazlarla tamaşaçılara çatdırılıb.
Akademik Musiqli Teatrın solistləri – Əmrah Dadaşov, Səmədzadə Xasiyev, Türkel Tariqpeyma, Prezident mükafatçıları, adı gənc istedadların "Qızıl kitabı”na yazılan musiqiçilər – Atabəy İsmayılov və Kamil Həsənov, eləcə də teatrın gənc skripkaçısı Murad Kərimov hazırladıqları musiqili kompozisiyalarla tamaşada uğurla çıxış ediblər.