İnklüziv teatrın ilk tamaşası alqışlarla qarşılandı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının YUNESKO tərəfindən təsdiq edilmiş "İnklüziv teatr" beynəlxalq layihəsi özünü doğrultdu.
Akademik Musiqili Teatrda fəaliyyət göstərən “Jest” inklüziv teatr studiyası tərəfindən eşitmə və danışma məhdudiyyətli uşaq və gənclərin iştirakı ilə hazırlanan “Çamadan əhvalı” tamaşası Beynəlxalq Əlillər Günü münasibəti ilə təqdim olunub.
Beş müxtəlif səhnədən ibarət olan tamaşanın vahid süjet xətti maraqlı və gözlənilməz oyun üzərində qurulub.Səhnə məşhur bir fokusçunun vağzalda təsadüfən itirdiyi çamadanı xəyalpərəst bir qızın tapması ilə başlayır və bütün baş verən hadisələr də bu qızın sanki xəyallarında yaranır…
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, “Jest” inklüziv teatr studiyasının aktyorlarının ailə üzvləri, xüsusi internat məktəbinin müəllimləri və mütəxəssiləri, eləcə də media nümayəndələrinin dəvət olunduğu bu tamaşa hər kəs tərəfindən maraqla qarşılanıb.
Tamaşanın nümayişindən sonra bu beynəlxalq layihənin rəhbəri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev səhnəyə çıxaraq “İnklüziv teatr” barəsində tamaşaçılara bir daha ətraflı məlumat verib və layihə iştirakçılarının hər birinə təşəkkür edib.
Ə.Lalayev layihənin əsas məqsədinin ölkədə eşitmə və nitq qabiliyyəti olmayan, sağlamlıq imkanları məhdud uşaqları, eləcə də yeniyetmə və gəncləri bədii yaradıcılığa cəlb etməkdən və onların sosiallaşmalarına, cəmiyyətə inteqrasiyasına kömək etməkdən ibarət olduğunu vurğulayıb və bir teatr rəhbəri kimi "Jest" inklüziv teatrının üzvlərinə hər zaman diqqət və qayğısını əsirgəməyəcəyini vurğulayıb.
Sonda tamaşaçıların alqış sədaları altında “Jest” inklüziv teatr studiyasının yaradıcı heyəti və bu layihədə əziyyəti olan hər kəs səhnəyə dəvət olunub.
Fəal iştiraklarına görə studiya üzvləri – Mahmud Səfərov, Xaliq Məhəmmədzadə, Yasin Məmmədov, Kənan Ələkbərov, Əfsanə İsmayılova, Sunay Məmmədli, Timur Ağayev, Nigar Nəbiyeva və Nisə Nəbiyeva mükafatlandırılıblar.
Eyni zamanda bu layihənin tərəfdaşları - surdotərcüməçi, "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova, Musiqili Teatrın könüllülər dəstəsinin üzvləri – Aludə Şəkərova, Nüşafərim Məmmədli, Günay Abbaslı və Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Mehriban Kərimli də diploma layiq görülüblər.
Xatırladaq ki, Akademik Musiqili Teatrının "İnklüziv teatr layihəsi" BMT-nın təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı – YUNESKO tərəfindən "Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı" çərçivəsində qəbul edilib.
Beynəlxalq layihənin rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, Layihənin prodüseri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovdur.
Studiya üzvləri ilə respublikanın aparıcı incəsənət ustaları - aktyor, Xalq artisti Pərviz Məmmədrzayev, baletmeyster, Əməkdar artist Emin Əliyev, illüziya ustası, beynəlxalq festivallar laureatı Tofiq İgəndərli məşğul olurlar.
Layihənin reallaşmasında teatrın bütün kollektivi –həm yaradıcı, həm də texniki heyəti çox böyük həvəs və məsuliyyətlə iştirak edib.