Azərbaycanda ilk dəfə – "Akademik Musiqili Teatrın Könüllüləri" fəaliyyətə başladı
Hər zaman uğurlu layihələri ilə fərqlənməyi bacaran Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu dəfə də maraqlı təşəbbüsü ilə – teatra, incəsənətə marağı olan gəncləri "Akademik Musiqili Teatrın Könüllüləri" dəstəsində öz ətrafına topladı və bu addımı ilə nəinki teatr aləmində, hətta incəsənətdə könüllülük istiqamətində də ölkəmizdə növbəti bir ilkə imza atdı.
Bu məqsədlə təşkil edilən və müxtəlif ali məktəb tələbələrindən ibarət könüllülərin
qatıldığı görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünasıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev layihənin məqsədini açıqladı, daha sonra isə yenicə yaradılan quruma rəhbərlik edəcək gənc pianoçu – respublikamızda keçirilən bir sıra dövlət əhəmiyyətli beynəlxalq tədbirlərdə könüllülərin işi üzrə koordinator kimi kifayət qədər təcrübə qazanmış teatrın əməkdaşı Alüdə Şəkərovanı tədbir iştirakçılarına təqdim etdi.
Alüdə Şəkərova "Akademik Musiqili Teatrın Könüllüləri" ideyasının reallaşmasında yaradılan şəraitə görə gənclər adından teatr rəhbərliyinə minnətdarlığını bildirdi.
Təhsil Nazirliyinin "Bir tələbə-könüllü” proqramının 2019-cü il üzrə ən fəal koordinatoru kimi xususi mukafata layiq görülən Alüdə Şəkərova ölkəmizdə keçirilən ən müxtəlif beynəlxalq tədbirlərdə xüsusi qruplara rəhbərlik etmiş, könüllülük hərəkatında uğurlu fəaliyyətinə görə çoxsaylı mükafatlara layiq görülmüşdür.
"2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uygun olaraq, Akademik Musiqili Teatr könüllü gənclərlə birgə müxtəlif və uzunmüddətli layihələr həyata keçirməyi düşünür. Proqram çərçivəsində tələbələr 3 ay müddətində müxtəlif treninqlərə qatılacaq və teatrın pərdəarxası fəaliyyəti ilə daha yaxından tanış olacaqlar. Aktyorluq qabiliyyəti olan gənclərlərlə birgə tamaşa hazırlanacaq və teatr mövsümünün yekununda hər bir könüllüyə teatr sahəsində təcrübə keçmələri ilə bağlı sertifikatlar veriləcək… Teatr və könüllülük – hər ikisi yüksək dəyərlərdir və ölkəmizin inkişafı naminə könüllülərin kreativ ideyalarından lazımi istifadə olunmalıdır. Biz Akademik Musiqili Teatr ailəsi olaraq hər zaman belə gənclərə arzularını reallaşdırmaqda dəstək olmağa hazırıq”, – deyə Ə.Lalayev bu munasibətlə keçirilən toplantıda könüllülərə belə müraciət etdi.
Tədbirdə teatrın direktor müavinləri – Hüseyn Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, teatrın rejissor assistenti Elməddin Dadaşov çıxışlarında tələbələri maraqlandıran sualları cavablandırdılar.