Əməkdar artist Nahidə Orucova yubileyini sevimli tamaşaçıları ilə qeyd edəcək
Bu gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin ölməz əsəri, şərqin ilk operettası – "Ər və arvad” musiqili komediyası nümayiş olunacaq.
Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan və səhnəyə qoyulduğu vaxtdan (1910) indiyə qədər repertuardan düşməyən, teatrsevərlər tərəfindən sevilən bu səhnə əsərinin budəfəki nümayişi Akademik Musiqili Teatrın tanınmış aktrisası, Əməkdar artist Nahidə Orucovanın 60 illik yubileyi münasibəti ilə təqdim olunacaq.
Tamaşadan öncə tanınmış telejurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı sevilən aktrisanın səhnə fəaliyyətindən danışacaq.
Nahidə xanım bu tamaşada Minət xanım obrazını canlandıracaq və onunla yanaşı, Xalq artistləri – professor İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Ələkbər Əliyev, aktyorlar – Gülcahan Salamova, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və başqaları eyni səhnəni bölüşəcəklər.
Qeyd edək ki, Nahidə Mülük qızı Orucova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1993-cü ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayan istedadlı aktrisa indiyədək bir-birindən maraqlı obrazlar qalereyası yaradıb, saysız filmlərə çəkilib. N.Orucova 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. 2013-cü ildən isə Prezident Mükafatçısıdır.