Akademik Musiqili Teatrda Zəfər gününə premyera - "Bir nəfəs qədər"
8 Noyabr — Zəfər Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qəhrəmanlıq salnaməmizi özündə əks etdirən Samir Qulamovun "Bir nəfəs qədər" pyesinin premyerası olub.
Səbail Rayon İcra Hakimiyyəti ilə birlikdə düzənlənən bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov xalqımızın bir il bundan öncəki böyük və tarixi qələbəsindən danışıb, tədbirə toplaşan şəhid ailələrinə, qazi və əsgərlərimizə bu böyük Zəfərin həyatımızdakı misilsiz rolundan söz açıb. Bu qələbədə Ali Baş Komandanımızın, onun ətrafında dəmir yumruq kimi birləşən hər bir Azərbaycan vətəndaşının nə qədər böyük zəhmətinin olduğunu qeyd edib.
Rayon ərazisində yaşayan əsgər və şəhid ailələrinə göstərilən qayğıdan söhbət açan V.Zeynalov bu işlərin bundan sonra da davamlı olaraq görüləcəyini vurğulayıb.
Sonra isə Akademik Musiqili Teatrın aktyorlarının ifasında Samir Qulamovun “BİR NƏFƏS QƏDƏR” tamaşasının premyerası təqdim olunub. Əsərin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Tamaşa qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunub. Səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Ana inanır ki, oğlu haçansa mütləq qayıdacaq. Qaranlıq, uzun gecələrin birində ana sanki arzusuna çatır. Əslində isə xəyal və gerçəklik arasında ciyərparasının yoxluğu ilə barışmaq məcburiyyətində qalır...
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, konsertmeyster Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada eyni zamanda Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev, orkestr və balet artistləri iştirak edirlər. Böyük uğurla keçən tamaşada əsərin yaradıcı heyəti coşqu ilə qarşılanıb, onlara gül – çiçək dəstələri təqdim olunub .