Musiqili Teatrın Yaradıcılıq Studiyası ilk tamaşasını təqdim etdi
Azərbaycan Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan Yaradıcılıq Studiyasının açılışı olub. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, studiyanın açılış mərasimində "Uğur və eşq” adlı konsert-tamaşa təqdim olunub. Bir sıra mötəbər qonaqların iştirak etdiyi mərasimdə çıxış edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev studiyanın yaradılmasının məqsəd və məramından söz açıb. "Milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsi, gənclərdə musiqili teatra marağın daha da gücləndirilməsi, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsi qarşımızda duran ən vacib məsələlərdəndir. Biz Yaradıcılıq Studiyasını məhz bu məqsədlə yaratmışıq və inanırıq ki, bu studiya istedadlı gənclərimizin öz yaradıcı potensiallarını nümayiş etdirmək üçün bir meydan olacaq”, - deyə Əliqismət Lalayev bildirib. Daha sonra çıxış edən "Şöhrət” ordenli Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal da bu addımın nəinki Musiqili Teatra, ümumilikdə Azərbaycan teatr sənətinin inkişafına böyük töhfələr verə biləcəyinə inandıqlarını bildiriblər. Sonra Gültac və Hüseyn Əlililərin iştirakı ilə səhnələşdirilmiş konsert-tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu-rejissoru gənc rejissor Tamilla Aslanova "Uğur və eşq”in onun sərbəst hazırladığı ilk böyük iş olduğunu xüsusi şəkildə vurğulayıb. "Burada iki gəncin həyat yolundan – sevgisindən, bu sevgi uğrundakı fədakarlığından, xoşbəxt bir ailəyə sahib olmasından bəhs olunur. Həm Gültac, həm də Hüseyn çox böyük istedada malik gənclərimizdəndirlər. Çalışmışıq ki, ortaya gözəl bir iş qoymaqla Musiqili Teatrın rəhbərliyinin bizə göstərdiyi etimadı doğruldaq. İnanıram ki, hazırladığımız konsert proqramı maraqla qarşılanacaq”, - deyə Tamilla Aslanova bildirib. Qeyd edək ki, Yaradıcılıq Studiyasının rəhbəri Əməkdar İncəsənət xadimi, Prezident mükafatçısı, rejissor Əsgər Əsgərovdur. Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilimiş müsabiqə nəticəsində müraciət etmiş ölkənin bir sıra teatrlarının gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər təmsil olunurlar.