Akademik Musiqili Teatrda Ostrovskinin "Cehizsiz qız" tamaşası...
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu dəfə böyük rus yazıçısı Aleksandr Nikolayeviç Ostrovskinin "Cehizsiz qız” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlayıb. Teatrın rus bölməsində hazırlanan əsərin quruluşçu-rejissoru Prezident mükafatçısı, Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
"Ostrovskinin bu əsəri maraqlı quruluşu ilə nəyinki Akademik Musiqili Teatrın tarixində, eləcə də ölkəmizin teatr məkanında bir yenilik olacaq. Tam fərqli rakursda, gözlənilməz nüanslarla zəngin tamaşada caz musiqilərindən geniş istifadə olunacaq... İradə xanım əvvəllər də bizim teatrda Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?”, SSRİ xalq artisti Fikrət Əmirovun musiqiləri və "1001 gecə” nağıllarının motivləri əsasında "999-cu gecə” və İlyas Əfəndiyevin "Mənim günahım” (SSRİ xalq artisti Q.Qarayevin musiqiləri əsasında) əsərlərinə quruluş verib. Onun ölkəmizin hüdüdlarından kənarda da məşhur teatrlarda da tamaşaya qoyduğu əsərlərin xoş əks-sədası bizi çox sevindirir. Ümidvaram ki, İradə xanımın Akademik Musiqili Teatrda hazırladığı yeni səhnə əsəri də rəğbətlə qarşılanacaq”, – deyə Ə.Lalayev tamaşa haqqında fikirlərini bizimlə bölüşdü.
Qeyd edək ki, musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçısı Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Əməkdar artisti Vaqif Məstanov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Tamilla Aslanova olan bu tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Nərgiz Kərimova, Şövqi Hüseynov, Naidə Orucova, Almaz Ələsgərova, aktyorlar – Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Nadejda Povelitsina və başqaları ifa edəcəklər. Tamaşaçıları peşəkar aktyorla yanaşı, teatrın xor və balet artistlərinin də gözəl çıxışları gözləyir.