İranlı rejissor Musiqili Teatrda

İran İslam Respublikasının Bəndərabbas Teatrının yaradıcısı və rəhbəri, İranda maraqlı tamaşaların müəllifi kimi tanınan rejissor Ebrahim Poştkohi Azərbaycan Dövlət Musiqli Teatrında olub. Dövlət Musiqli Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, E. Poştkohini İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi müşaiyət edib. Qonaqları teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Ebrahim Poştkohi Azərbaycan Dövlət Musiqli Teatrının inzibati binası, tamaşa zalı, butafor, geyim, dekorasiya sexləri ilə tanış olduğunu, hazırda teatrda məşqləri gedən tamaşaların və ayrı-ayrı kollektivlərin - xor, balet, orkestrin məşq prosesində iştirak etdiyini, onda çox gözəl, xoş təəssüratların yarandığını söyləyib. "Sizin teatrın binası, burada yaradılmış şərait adama nağıllar aləmini xatırladır. Tam səmimi deyirəm, teatrınızda yaradıcılıqla məşğul olmaq üçün lazım olduğundan da artıq imkanlar var”, - deyə E. Poştkohi bildirib. Sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi yüksək səviyyəli qəbula görə teatr rəhbərliyinə təşəkkürünü bildirərək, iki ölkə arasında mədəni əlaqələrin getdikcə daha da sürətlə inkişaf etdiyini söyləyib. "Bu cür görüşlər və qarşılıqlı əməkdaşlıq iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır və bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsinin çox böyük əhəmiyyəti var”, - deyə S. İ. İbrahimi qeyd edib. Sonra qonaqlar "Min bir gecə” nağıllarının motivləri və dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri əsasında hazırlanan "999-cu gecə” böyüklər üçün nağıl-tamaşanı izləyiblər.

Tarix: 17.11.2016