“Zengin kız, fakir oğlan”dan Musiqili Teatra
Uzun müddətdir ki, qardaş Türkiyənin TRT 1 kanalında yayımlanan məşhur "Zengin kız, fakir oğlan” bədii televiziya serialında Həkim Ramin obrazıyla azərbaycanlı tamaşaçılara da yaxşı tanış olan aktyor Nicat Həbibov bu yaxınlarda Azərbaycan Dövlət Musiqili Teatrında çalışmağa başlayıb. Bununla bağlı açıqlamasında "Musiqili Teatrda çalışmaq çoxdankı arzum idi. Bu arzumu həyata keçirmək üçün ötən ay teatrın direktoru Əliqismət Lalayevlə görüşdüm. Hər zaman gənclərə xüsusi diqqət və qayğısıyla seçilən Əliqismət müəllim məni hörmətlə qəbul etdi, dinlədi və illərdən bəri ürəyimdə gəzdirdiyim arzunu gerçəkləşdirdi. Artıq mən Musiqili Teatrın əməkdaşıyam. Hazrıda Şarl Peronun "Yatmış gözəl və cırtdanlar” tamaşasında baş rolun – Kral obrazının məşqlərinə başlamışam. İnanıram ki, mənə göstərilmiş etimadı doğruldacağam” deyə Nicat Həbibov bildirib. Qeyd edək ki, buna qədər gənc aktyor "Sübhün səfiri” filmində Mirzə Fətəli Axundzadənin gəncliyini, "Sirr”, "Döngələr”, "Son hədd” və s. bədii film və seriallarda baş qəhrəmanların obrazlarını canlandırıb.