Musiqili Teatr premyeraya hazırlaşır

Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Yevgeni Şvartsın "Qırmızı papaq” əsərinin son məşqləri yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu-rejissoru, əməkdar artist Boris Qrafkin Axşam.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, əsərin premyerası noyabrın sonu, dekabrın əvvəllərinə nəzərdə tutulur. "İlk növbədə tamaşanın ərsəyə gəlməsində teatrımızın direktoru Əliqismət Lalayevin xüsusi diqqət və qayğısını qeyd etmək istərdim. Əsərin əsas qayəsini xeyirlə şərin mübarizəsində sonda xeyirxah qüvvələrin qalib gəlməsi, gənclərin yaşlı nəslə qayğı və diqqəti təşkil edir. İnanıram ki, məhz bu amil xüsusilə balaca tamaşaçılarımızın tərbiyəsində mühüm rol oynayacaq” - deyə B. Qrafkin bildirib. Qeyd edək ki, tamaşada əsas obrazları əməkdar artistlər Emma Məlikova, Səmayə Musayeva, aktyorlar Elçin İmanov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Rəsmiyyə Nurməmmədova və başqaları canlandıracaqlar.

Tarix: 01.12.2014