Şövqi Hüseynov: “Bu, həm də Əliqismət Lalayevin uğurudur”
Ötən ay Musiqili Teatrda premyerası keçirilən Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” tamaşası teatr ictimaiyyəti və tamaşaçılar tərəfindən böyük maraq və diqqətə səbəb olub. Xüsusilə Azərbaycan Respublikasının Əməkdar artisti Şövqi Hüseynovun canlandırdığı Məşədi İbad obrazı özünəməxsusluğu ilə diqqət çəkib. Şövqinin ifasında Məşədi İbad tamamilə yeni, fərqli, tamaşaçıda özünə qarşı rəğbət oyadan obrazdır.
"Necə oldu ki, Məşədi İbad bu qədər sevildi, belə bir uğur qazandı?” sualımızı cavablandırarkən: "Çoxları elə bilir ki, Məşədi İbadı oynamağım Cənnət xanım Səlimovanın təklifidi. Amma, əslində, bu təklif Musiqili Teatrın direktoru Əliqismət Lalayevdən gəlib. Bu, məhz onun seçimidi. Mənimlə ilk dəfə bu barədə söhbət edərkən təklifi qəbul etmək istəmədim. Düşündüm ki, möhürü üstündə olan bir obrazı yeni ampuladan təqdim etmək birmənalı qarşılanmaya bilər. Amma Əliqismət müəllim təkid etdi və məni inandırdı. Nəticədə ortaya uğurlu bir iş qoya bildim. Bu, həm də Əliqismət Lalayevin uğurudur” – deyə Şövqi Hüseynov bildirib.