Musiqili Teatr Yeni İlə yeni tamaşa ilə hazırlaşır
Azərbaycan Dövlət Musiqili Teatrı Yeni İl şənliklərinə Şarl Peronun "Yatmış gözəl” nağılının motivləri əsasında Anar Sadıxovun uyğunlaşdırdığı "Yatmış gözəl və cırtdanlar” tamaşası ilə hazırlaşır. Tamaşanın quruluşçu-rejissoru Elşad Rəhimzadə bildirib ki, cari ilin sonuna qədər premyerası baş tutacaq bu səhnə əsəri balaca tamaşaçılara məktəblilərin qış tətili günlərində Yeni İl nağılı kimi təqdim olunacaq. Disneyin nağıl qəhrəmanları, sehirli pərilər, oyunbaz cırtdanlarla zəngin olan tamaşada nağılçı, Kral Stefan, Santa Klaus, cadugər Malifisenta və başqa obrazları Əməkdar artist Novruz Qartal, Nicat Həbibov, Mehriban Zalıyeva, Türkel Şabanova kimi tanınmış aktyorlar canlandıracaq. Bu səhnə əsərinin özəl cəhətlərindən biri də odur ki, Musiqili Teatrın Balet və xor truppasının üzvləri ilk dəfə səhnədə həm də aktyor kimi çıxış edəcəklər. Qeyd edək ki, musiqili-əyləncəli tamaşanın quruluşçu-rəssamı Vüsal Rəhim, baletmeystrləri Zakir Ağayev və Yelena Ağayevadır.