Nazir aktrisanı mükafatlandırdı
Teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətini nəzərə alaraq, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti Fatma Mahmudovanı 60 yaşı tamam olması münasibətilə təbrik edərək mükafatlandırıb. Qeyd edək ki, 1968-ci ildə Ağdam Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayan Fatma Yaqub qızı Mahmudova burada çalışdığı müddət ərzində bir çox özünəməxsus obrazlar yaradıb. Sona xanım ("Dağılan tifaq”, Ə.Haqverdiyev), Məryəm ("Fərhad və Şirin”, S.Vurğun), Sara ("Solğun çiçəklər”, C.Cabbarlı), Həcər ("Qaçaq Nəbi”, S.Rüstəm), Təhminə ("Təhminə və Zaur”, Anar) və bu kimi rollarda çıxış edib. Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan Fatma Mahmudova 1994-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Aktrisa bu teatrda Bağdagül ("On min dollarlıq keyf”, E.Sabitoğlu, C.Məmmədov), Xurma ("Hərənin öz ulduzu”, S.Ələsgərov, İ.Məlikzadə), Gülbikə ("Bankir adaxlı”, E.Sabitoğlu, T.Vəliyeva) Adilə Dudu ("Birgünlük siğə”, S.Fərəcov, R.N.Güntəkin ), Atbalaxanım ("Adamın adamı”, Anar, V.Adıgözəlov), Əsmər ("Məsmə xala dayımdır”, R.Mustafayev, C.Məmmədov), Məryəm ("Şeytanın yubileyi”, A.Babayev, O.Rəcəbov) və sair bu kimi rolları oynayıb. Sənətdə qazandığı uğurlara görə Fatma Mahmudova 1989-cu ildə "Əməkdar artist”, 2000-ci ildə isə "Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır.