Gültac Əlili yenə də “İlin aktrisası” seçildi
2 Fevral - Gənclər Günü münasibətilə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Gülüstan” sarayında möhtəşəm gənclər balı keçirilib. Bir sıra dövlət rəsmilərinin və millət vəkillərinin iştirakı ilə keçirilən bayram tədbirini açıq elan edən Səbail İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında Azərbaycan dövlətinin daima gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Sonra mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Gültac Əlili "Teatr sahəsindəki uğurlu fəaliyyətinə görə İlin gənc aktrisası” nominasiyasında mükafata layiq görülüb. Yeri gəlmişkən, qeyd edək ki, G. Əlili ötən il də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı aktrisası” mükafatına layiq görülmüşdü. Gültac Əlili 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr” aktyorluğu fakültəsinə daxil olub, 2009-cu ildə buranı bitirib. 2007-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında artist-vokalist kimi çalışır. İşlədiyi müddətdə "Seytanın yubileyi” (O. Rəcəbov, A. Babayev) tamaşasında Xəyalə, "Qısqanc ürəklər”də (R. Mirişli, M. Haqverdiyev) Leyla, "Milyonçunun dilənçi oğlu” komediyasında (S. Ələsgərov, Ş. Qurbanov) Qonşu qız, "İdialı qaraçı”da (İ. Kalman) Zari, "Amerikalı kürəkən”də (R. Mirişli, M. Haqverdiyev) Reyhan, "Əlin cibində olsun”da (O. Rəcəbov, A. Babayev) Əsmər, "Kələkbazlar”da (S. Ələsgərov, İ. Məlikzadə) Çiçək, "O olmasın, bu olsun” musiqili komediyasında (Ü. Hacıbəyli) Gülnaz, ”Kimdir müqəssir”də (Ə. Haqverdiyev) Bahar rollarını uğurla oynayıb.