Musiqili Teatrda ad günü

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqovun doğum günüdür. O, doğum günüylə bağlı açıqlamasında "Təntənəni xoşlamıram. Ad günümü iş başında keçirəcəyəm” - deyə bildirib. Qeyd edək ki, E. Ocaqov 1954-cü ildə anadan olub. 1976-cı ildə Tibilisi Dövlət Pedoqoji İnstitutunun "Filologiya” fakultəsini fərqlənmə diplomu ilə bitirib. İnstitutu bitirdikdən sonra bir müddət orta məktəbdə müəllim, 1984-1989-cu illər ərzində "Sovet Gürcüstanı” qəzetində xüsusi müxbir işləyib. 1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ” Teatrında direktor müavini, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sərəncamçı-direktor, 2006-2008-ci illərdə isə direktor əvəzi vəzifəsində çalışıb. Kadrların seçilməsində və yerləşdirilməsində, istedadlı gənclərin teatra cəlb edilməsində və onlara qayğı və diqqətin artırılmasında, hazırlanan tamaşaların bədii-estetik səviyyəsinin yüksək olmasında, tərtibat işində, kütləvi tədbirlərin uğurla keçirilməsində, teatr sənətinin, milli mədəniyyətin geniş təbliği istiqamətində fəal iştirak edib. "Şirbalanın məhəbbəti” filminin produseri və redaktorudur. 2008-ci il tarixdən Musiqili Teatrda direktor müavini vəzifəsində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür. Doğum günü münasibətilə Elxan müəllimi Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi adından təbrik edirik!