Bu gün su çərşənbəsidir
Azərbaycan xalqı özünün ən qədim bayramlarından biri olan Novruz bayramını təqribən 1 aydan sonra qeyd edəcək. Bir çox teatral məqamlarla zəngin olan Novruz bayramının özəlliklərindən biri də odur ki, insanlar onun müjdəsinə bir ay qalmış çıxaraq bayram hazırlıqlarını görməyə başlayırlar. Novruz bayramına 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri təmtəraqla qeyd edirlər. El içində bu çərçənbələri "boz ayın çərşənbələri” də adlandırırlar. İlk çərşənbənin də su çərşənbəsi olması təsadüfi deyil. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində hər kəs ev-eşiyini səhmana salır, evlərin, hasarların solğun divarlarına yeni boya çəkilir, torpaqdan daha yaxşı qidalansınlar deyə bağ-bağçada ağacların, gül kollarının dibi bellənir, onları cavanlaşdırmaq, qüvvətləndirmək üçün artıq budaqları və zoğları kəsilib atılır. İnanca görə Tanrı ilk olaraq suyu yaradıb. Su həm də həyat mənbəyidir. Buna görə də su çərşənbəsi ilk çərşənbə kimi qeyd olunur. Əsrlərin sınağından çıxmış adət-ənənəyə görə bu çərşənbədə çaylardan, arxlardan dan yeri sökülməmiş götürülən "təzə su”- köpüklü ağ su min bir dərdin dərmanı sayılır. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi bütün dünya azərbaycanlılarını ilk çərşənbə - su çərçənbəsi münasibətilə təbrik edir, hər kəsə can sağlığı və bol ruzi arzulayır.