Od çərşənbəniz mübarək!
Bu gün Novruz Bayramı ərəfəsində keçirilən çərşənbələrdən ikincisi – od çərşənbəsidir. Bu çərşənbə insanın yaradılışının ikinci mərhələsinin – odla bağlı mərhələnin mifik təzahürüdür. İkinci çərşənbənin od çərşənbəsi adlandırılması heç də təsadüfi xarakter daşımır. Novruz Bayramı yaxınlaşdıqca havalar qızmağa, istiləşməyə başlayır, torpağın canındakı hərarət, istilik bir qədər də artıb çoxalır. Xalqın inancına görə od müqəddəs hesab olunur və bu əcdadlarımızın günəşə, oda olan inamının təzahürüdür. Onlar düşünmüşlər ki, od insanları hər çür pislikdən, bədlikdən, qəzavü-qədərdən qoruyacaq, xeyirlə şərin, qaranlığın, zülmətin mübarizəsində məhz od, işıq, günəş yəni ki, xeyir qalib gələcək. Digər üç çərşənbədə olduğu kimi bu çərşənbədə də insanlar ocağın üstünü boş qoymur, qazanlar qaynadılır, dadlı, ləzzətli yeməklər bişirilərək süfrələrə verilir. Hər kənddə, obada, məhəllədə tonqallar qalanır. Qədim adətlərə görə insanlar "Azarım-bezarım, oda tökül, yan!” deyərək alovun üzərindən atılırlar. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi bütün dünya azərbaycanlılarını od çərçənbəsi münasibətilə təbrik edir, hər kəsə can sağlığı və bol ruzi arzulayır. Od çərşənbəniz mübarək!