Musiqili Teatrın aktyoru Novruz Qartalla görüş keçirilib

İncəsənət Gimnaziyasında Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartalla görüş keçirilib. Musiqili Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tədbirdə Gimnaziyanın direktoru Mahizər Şabanbəyova, şöbə müdiri Hicran Sadıqzadə, rejissor Əliheydər Şahbazov və başqaları çıxış edərək Novruz Qartalın həyat və sənət yolundan söz açıblar. Tanınmış parodiya ustası Həsən Cəbrayılov N. Qartalla birlikdə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə əsgərlər üçün təşkil olunan konsertlərlə bağlı maraqlı xatirələrini bölüşüb. Sonra gimnaziyanın şagirdləri Nəzrin Fəttahova, Amil Rüstəmov, Sara Tağızadə, Toğrul Əliyev, Selcan Xudiyeva, Mirbaba Salayev, Əvəz Sadıqzadə, Elmir Məmmədli və başqaları "Göyçək Fatimə”, "Vaqif” əsərlərindən parçalarla, müxtəlif musiqi və rəqs nömrələri, yumoristik səhnəciklərlə çıxış ediblər. Gimnaziyanın xanəndəlik kursunun şagirdi Nüşabə Kərimovanın çıxışı isə tədbirə xüsusi rəng qatıb. Sonda Novruz Qartalla birlikdə Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev və İncəsənət Gimnaziyasının şagirdi Ləman Rəhimli "Hərənin öz ulduzu” (S. Rüstəmov, İ. Məlikzadə), "Durna” (S. Rüstəmov, S.Rüstəm) tamaşalarından parçaları nümayiş etdiriblər.

 

          

Tarix: 04.03.2015