Yel çərşənbəniz mübarək!
Bu gün Azərbaycanda Novruzun gəlişinin carçısı olan dörd çərşənbədən üçüncüsü – Yel çərşənbəsi qeyd olunur. Yel çərşənbəsi xalq arasında "Yelli çəşənbə”, "Küləyi oyadan çərşənbə”, "Küləkli çərşənbə” kimi də tanınır. İnanca görə bu gün torpaq altında uyuyan dörd növ külək torpağın üzünə qalxaraq müxtəlif formalarda özünü birüzə verir. Əfsanəyə görə qara yel qara, ağ yel ağ, gilavar qırmızı, xəzri isə göy rəngdə olur. Məhz bu çərşənbədə yel bu dörd küləklə birləşərək yer üzünü dolaşır, suyu, odu hərəkətə gətirir. Mifoloji əsatirlərimizdə Yelin Tanrı olmasıyla əlaqədar bir çox rəvayətlər, nəğmələr, məsəllər var. Yel çərşənbəsi gecəsi ağac altında niyyət etmək, Yel babanı çağırmaq xalq arasında ən çox yayılmış adətlərdən biridir. Əgər bu zaman Yel baba səsinizi eşidib əsməyə başlasa, yanında dayandığınız ağacın qəddini əyərək budaqlarını torpağa toxundursa, demək, arzunuz həyata keçəcək, ürəyinizdə tutduğunuz niyyət çin olacaq. Bütün cərşənbələrdə olduğu kimi Yel çərşənbəsində də tonqallar qalanır, evlərdə bolluğun rəmzi olan müxtəlif yeməklər hazırlanır. Bu gecə süfrəyə quru meyvələrdən, dənli bitkilərdən ibarət cərəzlərin düzülməsi ilə yanaşı südlü plovun və yaxud bulğur aşının verilməsi də qədim inanclardan biridir. Azərbaycan Dövlət Musiqili Teatrı Yel çərşənbəsi münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edir, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və firavanlıq arzulayır.