Bu gün Azərbaycan İlaxır çərşənbəni qeyd edir
Bütün dünya azərbaycanlıları bu gün Novruz çərşənbələrinin sonuncusunu – torpaq çərşənbəsini qeyd edir. El arasında "Torpaq çərşənbəsi”, "Yer çərşənbəsi”, "İlaxır çərşənbə” kimi də tanınan bu əziz gündə təbiət qış yuxusundan oyanır, ağaclar tumurcuqlayır, dərindən nəfəs alan torpaq artıq əkinə hazır olur. Xalqımız yaşı min illərlə ölçülən bu cərşənbəylə bağlı bir çox inancları bu günə qədər qoruyub saxlayıb. Misal olaraq niyyət etməni, qapı pusmanı, fala baxmanı, papaqatdını, ailə üzvlərinin sayına görə şam yandırılmasını qeyd etmək olar. Digər çərşənbələrdə olduğu kimi bu çərşənbədə də tonqallar qalanır. "Ağırlığım-uğurluğum odda yansın!” deyərək hamı bu tonqalların üstündən tullanır. Bütün evlərdə paxlava, şəkərbura, şor qoğal bişirilir, plov dəmlənir, süfrəyə Baharın rəmzi sayılan səməniylə yanaşı müxtəlif çərəzlər – qoz, fındıq, ləbləbi düzülür. Süfrələrin bu cür bəzədilməsi qarşıdan gələn yeni ilin ruzili, bərəkətli və firavan keçməsi anlamını verir. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi İlaxır çərşənbə münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edir, hər kəsə bol ruzi və xoşbəxtlik arzulayır.