“O olmasın, bu olsun” Beynəlxalq festivalda nümayiş olunub
Azərbaycan Dövlət Musiqili Teatrının son uğurlarından olan Ü. Hacıbəylinin "O olmasın, bu olsun” tamaşası Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təçkilatçılığı ilə keçirilən "Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində tamaşaçılara təqdim edilib. Tamaşanı izləyənlər arasında dövlət rəsmiləri ilə yanaşı, şəhərimizin qonaqları da olub. Tamaşa çox böyük coşqu və alqışlarla qarşılanıb. Bakıda qonaq olan Türkiyənin Bursa Universitetinin təmsilçisi Məcidə Olğun, Kayseri Erciəz Universitetinin müəllimi Əsli Xəlil qızı və başqaları tamaşadan çox böyük zövq aldıqlarını bildiriblər. "Bizim Azərbaycana gəlişimiz "Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının keçirildiyi günlərə təsadüf etdi. Bu cür festivalların keçirilməsi çox yaxşı haldı. Festival çərçivəsində bir sıra tədbirlərdə iştirak etdik. Düşünürük ki, "O olmasın, bu olsun” tamaşasının nümayişi bu festivalın ən uğurlu tədbirlərindən biri idi. Tamaşada istər aktyor oyunu, özünəməxsus ifa tərzi, istərsə də rejissor mizanı həddindən artıq maraqlıdır. Musiqi isə möhtəşəm və ecazkar idi. Yəqin ki, uzun müddət "O olmasın, bu olsun”un təəssüratlarını unuda bilməyəcəyik” deyə qonaqlar tamaşa haqqında danışarkən bildiriblər. Qeyd edək ki, "O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada milyonların sevimli gülüş ustası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış etmişlər. Tamaşa İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən lentə alınıb.