31 mart Azərbaycanlıların Soyqırım Günüdür
Tariximizin qanlı səhifələrindən biri də Mart Soyqırımı hadisələridir. Bu qanlı hadisələr ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vandalizmin daha bir nümunəsidir. Daşnak erməni silahlı dəstələrinin 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də, Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Lənkəran, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetiylə birgə azərbaycanlılara qarşı törətdikləri qırğınlar bəşər tarixində az-az təsadüf olunan hadisələrdən biridir. Rəsmi mənbələrə əsasən bu soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Gənc qadınların diri-diri divara mismarlanması, qəfil basqından qorunmaq üçün iki min nəfərin sığındığı şəhər xəstəxanasının daşnaklar tərəfindən od vurularaq yandırılması da bu qırğınla bağlı təkzibolunmaz faktlardandır. "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”. Bu fikirlər həmin tükürpədici hadisələrin şahidi olmuş Kulner soyadlı bir almanın 1925-ci ildə qələmə aldığı xatirələrdəndir. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə bütün dünya azərbaycanlıları tərəfindən 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.